Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Məşhur səyahətçidən Azərbaycana səfər etməyin 5 əsas səbəbi

Məşhur səyahətçi Aleksandr Bunin Azərbaycana səfər etməyin 5 əsas səbəbini açıqlayıb.

Birlik16.ru Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, Rusiyanın «Serebryanıy dojd» («Серебряный дождь») radiostansiyasının «Bon voyaj» («Бон вояж») verilişinin aparıcısı və məşhur səyahətçi A.Bunin Azərbaycana səfəri haqqında «Moskva-Baku.ru» saytının əməkdaşına müsahibə verib. Dünyanı gəzən A.Bunin Yeni il tətilində ölkəmizə səfər edib.
O, açıqlamasında birinci səbəb kimi «Azərbaycan — şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkədir» deyə qeyd edib.
İkinci səbəb olaraq «Azərbaycan Hava Yollarının ən tələbkar turisti belə yaxşı mənada təəccübləndirə bildiyi» qeyd olunub. Səyahətçi səfəri zamanı ilk təcrübəsinin də elə buradan başladığını, Azərbaycana məxsus yeni «AZAL Boinq-767» təyyarəsinin rahatlığı, yeniliyi, ideallığı, qonaqpərvərliyi və yeməklərin çoxçeşidli olması ilə onu çox təəccübləndirdiyini bildirib. A.Bunin Azərbaycana səfər edəcək hər bir turistə bu aviaşirkətə müraciət etməyi tövsiyə edib.
Üçüncü səbəbi «Paytaxt Bakı — qədimliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhərdir» deyə bildirib. İçərişəhərin hələ də öz qədim sehrini qoruyub saxlaması, bir zamanlar eşitdiyi və oxuduğu məlumatların canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan tikinti işlərinin genişmiqyaslılığı, yeni binaların düşünülmüş arxitekturası, mərmərdən və bürüncdən olan çilçıraqları ilə diqqəti çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyub. A.Bunin yeni memarlıq işlərinin Bakının müasir siması olduğunu da vurğulayıb.
Dördüncü səbəb kimi «Azərbaycanın qonaqpərvərliyi hər bir xırda detalda belə əks olunur» deyə qeyd edib. Qonaq hoteldə və restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən böyük məmnunluğunu bildirib, eyni zamanda qiymətlərin münasib olduğunu vurğulayıb.
Beşinci səbəb kimi isə «Şahdağda xizək tətili keçirmək heç də Avropa kurortlarından geri qalmır» deyə qonaq bildirib.
Səyahətçi Şahdağ Turizm Mərkəzini özünün böyük kəşfi adlandırıb. O bu mərkəzin dövlətin maliyyə vəsaiti heabına inşa edilməsindən təəccübləndiyini bildirib, buna görə Azərbaycan hökumətinə təşəkkür edib: «Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülüb, dünya səviyyəli kurortdur».
Müsahibənin sonunda A.Bunin maraqlı səfərlərindən sonra sosial şəbəkələrdə insanlara mütləq məsləhətlərini verdiyini deyib və bildirib ki, artıq onun bütün izləyiciləri Azərbaycan haqqında yazdıqlarına müsbət münasibət göstərib, bu ölkəyə səfər edəcəklərini qeyd ediblər.