Osmanlı sənədləri Gəncədə

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinə Türkiyədən tarixi əhəmiyyətli arxiv sənədlər və onların sürətləri gətirilib. Hazırda Akademiyada bu sənədlər üzərində elmi tədqiqat işləri aparılır.
Az-kaz.com Kəpəz TV-ə (Region TV) istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Türkiyəyə ezam olunan elmi işçiləri Türkiyənin Ankara və İstanbul şəhərlərində Osmanlı imperiyasına aid arxiv və kitabxanalardan bir sıra mühüm sənədlər əldə ediblər. Materiallar 1578-1918-cü illərdə Osmanlı Dövləti ilə Azərbaycanın münasibətləri, 1801-1813-cü illərdə Rusiyanın Azərbaycanda hakimiyyət qurma cəhdləri və 1920-1943-cü illərdə Azərbaycan türklərinin Milli Mücadilə tarixini əks etdirən arxiv sənədlər və onların surətləridir.
Əhməd Fəzliyev — AMEA Gəncə bölməsinin kiçik elmi işçisi: «Ezamiyyətdə olduğum vaxtda Türkiyə Baş Nazirinin Osmanlı Dövlət Arxivlərindən 181 ədəd Gəncə şəhərinin tarixi ilə bağlı siyasi, iqtisadi, hərbi mövzulara aid Osmanlı dilində əlyazmaların surətlərini də gətirmişəm. Bundan başqa, Türkiyənin İstanbul şəhərinin Bəyazid Dövlət Kitabxanasında olmuşam. Oradan da 20 ədəd Gəncənin tarixi ilə bağlı kitabların nüsxələri əldə olunub».
Dövlət əhəmiyyətli tarixi sənədlərlə yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin poemalarının surətləri və əsli də gətirilib. Bunların içərisində, İstanbulun Süleymaniyə Kitabxanasından gətirilən, Nizami Gəncəvinin fars dilində yazılmış «Sirlər xəzinəsi» poemasından bir parçanın surəti də var.
Əhməd Fəzliyev: «Nizami Gəncəvinin 674 ədəd əlyazması və 25 ədəd miniatürü də Türkiyədən gətirilib. Hal-hazırda onlar üzərində dizayner işləri aparılmaqdadır və tərcüməyə hazırlanır».
Sənədlər üzərində elmi tədqiqat işləri başa çatdıqdan sonra Türkiyənin müxtəlif arxiv və kitabxanalarından Azərbaycana aid digər materialların gətirilməsi də nəzərdə tutulur.