Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açıldı

Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.
Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb.
Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılıb. Şüşə vitrinlərdə sərgilənən geyimlər, görünüşün keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi işıqlandırma aparatları ilə təmin olunub.
Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib.
Sərginin açılışı edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işin daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən özbək yazıçı, Özbəkistanda Azərbaycan dili üzrə tərcüməçi Şəhla Qasımova Azərbaycanın Qarabağ geyimlərinin diqqətəlayiq və öz rəngarəngliyi ilə seçildiyini, bu diyarda yaşayıb yaratmış azərbaycanlıların tarixinin, mədəniyyətinin necə zəngin olduğunu sübut etdiyni söylədi.
Mədəniyyət Mərkəzinin nəzdindəki «Azərbaycan qızları» rəqs ansamblı Qarabağ rəqslərini ifa etdilər.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırıldılar.
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açıldı 2
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açıldı 3
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açıldı 4
Özbəkistanda Qarabağ geyimlərinin daimi sərgisi açıldı 5