İki ciddi əsər dilimizə tərcümə olundu

Rusiyanın İvanovo-Voznesenk şəhərində yaşayan həmyerlimiz Araz Gündüz ciddi işin altına imza atıb. O, məşhur psixoanalitik Ziqmund Freydin «Psixoanalizlə ilkin tanışlıq» kitabını dilimizə tərcümə edib. Bu, Avstriya psixiatrı və psixoloqu, psixoanaliz təliminin yaradıcısı Ziqmund Freydin (1856-1939) 1915-1916-cı illərdə geniş dinləyici auditoriyası üçün oxuduğu mühazirələrin dəqiq məzmunu əsasında yazılmış kitabın birinci bölümüdür. Adından da göründüyü kimi, kitabda psixoanaliz təlimi istər bu sahə üzrə mütəxəssis olan insanlar, istərsə də bu təlimlə maraqlanan geniş oxucu çevrəsi üçün aydın və anlaşıqlı bil dildə tanıdılır. Kitabın birinci bölümü bir də onunla maraqlıdır ki, burada psixoanalizin bir elm kimi təməl prinsipləri şərh olunur və onun predmeti anlaşıqlı bir dildə açıqlanır. Kitabı oxunaqlı eləyən bir də onun mühazirə üslubunda tərtib olunması, habelə, Freydə xas olan çox canlı və anlaşıqlı bir dillə yazıya alınmasııdr. «Psixoanalizlə ilkin tanışlıq kitabı» ana dilimizdə bu sahədəki boşluğu az da olsa, doldura bilmək məqsədi ilə çap olunub.
Araz Gündüzün tərcüməçilk sahəsində verdiyi töhvə bununla bitməyib. Belə ki o, «Musa və təkallahlılıq» kitabını da dilimizdə dərc edərək, oxucuların ixtiyarına verib. Bu əsər Ziqmund Freydin sonuncu əsəridir. Freyd bu kitabın çap edilməsinin o vaxt yaşadığı Avstriyada kəskin etirazla qarşılanacağını və özünə, habelə silahdaşlarına qarşı güclü təqiblər başlayacağını bildiyinə görə, onun çapını uzun illər gecikdirmişdi. Bundan başqa Freyd kitabdakı müdəaların bir çoxunun patriotik duyğularla bağlı olduğu doğma yəhudi xalqına qarşı olduğunu da nəzərə alıb, onun çapına tərəddüd edib. 1939-cu ildə Hitler faşizminin təqiblərindən qurtarmaq üçün İngiltərəyə köçməli olan Freyd, ölümünə bir neçə ay qalmış «Musa və təkallahlılıq» kitabını eyni zamanda ingilis və alman dillərində çap elətdirib. Freyd bu əsərində tarixi qaynaqlara əasaslanmaqla və özünün yaratdığı psixoanalitik araşdırma metoduna arxalanaraq sübuta yetitməyə çalışıb ki, Musa peyğəmbət yəhudi yox, misirli olub. Freydə xas olan düşüncə genişliyi və dərinliyi, ardıcıl və güclü məntiq, habelə dedektivsayağı qurulmuş süjet xətti, üstəlik, bu hadisələrə psixoanalitik incələmələr verilməsi kitabı oxunaqlı eləməklə yanaşı, oxucuun biliklərinin genişlənməsinə və düşüncələrinin yenilənməsinə xidmət eləyir.
Hər iki kitab «Qanun» nəşriyyatında dərc olunub.