İyunun 5-də Bakıda VI Şairlər Günü qeyd olunacaq

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rzanın mətbuata verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, AYB-nin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Şairlər günü Vaqif Səmədoğlunun yaradıcılığına həsr ediləcək, şairin çap olunmayan şeirləri təqdim olunacaq, sözlərinə yazılan mahnılar səslənəcək.
Mətbuat katibi əlavə edib ki, iyunun 5-i həm də Mikayıl Müşfiqin doğum günüdür. Mərasimdə Müşfiqin adını daşıyan mükafat təqdim olunacaq, şairin rəmzi məzarına – Xəzər dənizinə gül səpiləcək.