Rusiyadakı azərbaycanlı diasor nümayəndələri «erməni soyqırımı»nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz etdiklərinə görə təzyiqlərlə üzləşib.
Və məlum olub ki, onlara təzyiq edənlər arasında elə Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının liderləri də yer alır.
Bu biabırçılıq haqda saytımıza Rusiyadakı diaspor nümayəndələri məlumat veriblər. Xəbərə görə ötən ilin dekabrında diasor təşkilatlarının bir qrup nümayəndəsi Dövlət Dumasının spikeri Sergey Narışkinə müraciət edərək həmin qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə ediblər. Müraciətdə deyilirdi ki, belə qanunun qəbulu ifadə azadlıqlarına ziddir və qanun qəbul ediləcəyi təqdirdə azərbaycanlı diasor təşkilatları beynəlxalq instansiyalara müraciət edəcəklər.(virtualaz)
Müraciətin altına Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının 30 nümayəndəsi, o cümlədən Yaroslavldan Asman Hüseynov, Kostromadan Kamran Babayev, Nijniy Novqoroddan Vidadi Abbasov və digərləri imza atıblar. Bu müraciətdən Rusiya dövlət strukturları xəbər tutan kimi onu imzalayanlar FTX-nin və digər orqanların təzyiqləri ilə üzləşib. Onlara çatdırıblar ki, Dövlət Dumasına göndərilən müraciətdən imzalarını geri çəkmək lazımdır. İmza atanların bəziləri ilə “səmimi” söhbət ediblər, bəzilərini hədələyiblər və biznesləri ilə şantaj ediblər. Buna baxmayaraq onlar imzalarını geri götürməyiblər.
Lakin işin ən qalmaqallı tərəfi budur ki, həmin müraciətə imza atanlara qarşı təzyiqlərə azərbaycanlı diaspor təşkilatları da qoşulublar. Rusiya azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti «AzərRos»un saytında dekabrın 23-də yer alan məlumatda deyilir ki, təşkilatın Kalininqad vilayəti üzrə nümayəndəsi Nadir Ağayev həmin müraciəti imzalamaqdan imtina edib. Hətta hüquqi savadlı ilə lovğalanaraq deyib ki, bu müraciətin nə dərəcədə qanuni olduğu araşdırılmalıdır.
Müraciətə imza atmayanlar arasında Moskvadakı diaspor təşkilatının rəhbəri Ağadada Kərimov və Rostovdakı diaspor lideri Vaqif Mustafayev də var. Belə görünür ki, onları başa düşmək olar, çünki arvadları ermənidir. Ancaq Tatarıstandakı diaspor lideri Sübhan Əhədzadə də müraciətə imza atmaqdan imtina edib. Bu həmin Əhədzadədir ki, bir neçə il əvvəl tatar gənclərinin Xocalı şəhidlərini yad etmək üçün küçələrə çıxmasını pisləmişdi. Əhədzadə nəinki müraciətə imza atmayıb, üstəlik Tatarıstanın Leninoqorsk şəhərindəki «Birlik» diaspor təşkilatının rəhbəri Ramiz Məmmədova da müraciətə imza atdığı üçün irad bildirib.
Tatarıstandakı azərbaycanlı diasporundakı mənbələr bildirib ki, Əhədzadə hətta R.Məmmədovdan Tatarıstan xalqlar Assambleyasına da şikayət edib, onun hərəkətinin bütün diaspora zərbə vurduğunu deyib. O da məlum olub ki, Əhədzadə özü Narışkinə «soyqırım»ın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulmasının yolverilməz olduğunu bildirən məktub göndərib. Görünür o, imzasının uzun siyahıda “itib-batmasını” istəməyib.
Saytımıza Rusiyadakı diaspor təşkilatlarından daxil olan məlumata əsasən Rusiya Azərbaycanlıları Konqresinin rəhbəri İlqar Hacıyev və «AzərRos»un keçmiş rəhbəri Söyün Sadıqov da şəxsən regionlardakı diaspor rəhbərlərinə zəng ediblər və tələb ediblər ki, Narışkinə müraciəti imzalamasınlar. Yaxşı ki, onların çoxu «yuxarıdan gələn» göstərişə əməl etməyib. Görünür S.Sadıqov, İ.Hacıyev kimiləri özlərinin biznesini zərbə altında qoymamaq üçün erməni qanununun qəbuluna etiraz edənlərə təzyiqlərə qoşulublar. Bütün bunlar Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarında hansı acınacaqlı vəziyyətin hökm sürdüyünü bir daha göstərir.
RUBLİKA.AZ
05.12.2024
05.12.2024
05.12.2024
04.12.2024