Гимн Азербайджана
   Гимн России
   Гимн Татарстана
Xalq şairinə mərasim keçirdiyi üçün məhkəməyə verildi

Bu günlərdə Təbriz şəhərində xalq şairi Söhrab Tahirin vəfatı ilə bağlı keçirilən anım mərasimi İran hakimiyyətinin hədəfinə tuş gəlib.
Az-kaz.com-un Musavat.com-a istinadən verdiyi məlumata görə, Qeyd edək ki, incəsənət nümayəndələri, milli-mədəni fəalların iştirak etdiyi mərasim mayın 21-də keçirilmişdi. İki gün sonra isə, mayın 23-də tədbiri təşkil edən Güney Azərbaycanın ustad xanəndəsi, tanınmış milliyətçi Həsən ağa Dəmirçi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinə çağırılaraq saatlarla sorğu sual olunub, barəsində prokurorluğa müraciət edilib. Bu barədə Musavat.com-a ustad xanəndənin vəkili Nağı Mahmudi məlumat verib. Vəkilin sözlərinə görə prokurorluğun qərarı ilə Həsən ağa Dəmirçi yenidən məhkəməyə veriləcək:
«Mərhum xalq şairi Söhrab Tahir üçün anım mərasimi keçirdiyinə görə Həsən bəy təqib edilir. Ötən gün ETTELAAT şöbəsinə çağırılan ustad azı 3 saat sorğu-sual olunub. Təkcə təşkil etdiyi mərasimlə bağlı deyil, həmçinin bu günlərdə İranda keçirilən parlament seçkilərində kimə səs verdiyi, həbsdə olan Abbas Lisani haqda, Qarabağ savaşı və digər məsələlər ilə bağlı da sorğulanıb. İrəli sürülən iddialardan biri də bu olub ki, Azərbaycan və Ermənistan arasında olan son savaş dönəmində Həsən bəy soydaşlarımızla Qarabağda döyüşmək məsələsi haqda müzakirələr aparıb. Ustad isə bildirib ki, belə bir işə gərək yoxdur. Çünki Azərbaycanın öz ordusu, topu, silahı, döyüşməyə qüvvəsi var.
Prokurorluqdan verilən qərara görə Həsən bəy yenidən məhkəməyə veriləcək».
Qeyd edək ki, Həsən ağa Dəmirçi öz millətsevərliyi və mübarizliyinə görə bundan əvvəl də dəfələrlə İran hakimiyyəti tərəfindən təzyiq və ittihamlara məruz qalıb. Məlum Qaradağ zəlzələsindən sonra əhaliyə «maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda» təqsirli bilinərərək 6 ay həbs cəzası alıb. Ondan öncə isə 2006-cı il, 22 may hadisələrinə görə barəsində 1 il həbs cəzası çıxarılmışdı. Lakin ali məhkəmə həmin qərarı ləğv etmişdi.
İki il bundan əvvəl isə Bakıya mükafat üçün dəvət olunan muğam ustası «Yeni Müsavat»a Azərbaycan musiqisi, dilimiz və milləytçilik uğrunda gedən mübarizə barədə müsahibə vermişdi. Ustad Təbrizə geri döndükdən sonra hökumət qüvvələri tərəfindən sorğu-suala tutularaq pasportu əlindən alınmış, ölkədən çıxışına qadağa qoyulmuşdu. Aylarla çəkən sorğu-sualdan sonra Həsən bəyin pasportu özünə qaytarılmışdı.

Xalidə Gəray